BAKI, 22 aprel. TELEQRAF
Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində inşa olunan 249 mənzilli yaşayış binası üzrə müəyyənləşdirilən həcmlərdən artıq işlərin aparılması layihənin müqavilə dəyərinin 79371,21 manat artmasına səbəb olub. Bu da podratçıya artıq vəsaitin ödənilməsi ilə nəticələnib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatası tərəfindən 2025-ci ilin İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin auditinin nəticələrində qeyd edilib.
Qeyd edilir ki, 249 mənzilli (10 mərtəbəli bir bloklu) yaşayış binasının tikintisi üzrə 2015-2018-ci illərdə dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin icrası üzrə sifarişçi tərəfindən dövlət satınalmalarının tələblərinə riayət edilməyib. Tikinti normativlərinin tələbləri gözlənilməyib və nəticədə işlərin dəyəri 1,27 milyon manat artıb. Mənzil fondunun əsaslı təmiri üzrə icra edilməyən bəzi işlərin qəbulu aktlarına daxil edilməsi və müqavilədə nəzərdə tutulmayan işlərin icrası barədə sənədləşmənin aparılması işlərin dəyərinin 2023-cü ildə 144277,58 manat, 2024-cü ildə 258197,66 manat artırılması və podratçılara artıq vəsaitin ödənilməsinə səbəb olub.
Qeyd edək ki, audit 01.01.2023-cü il tarixindən 01.07.2025-ci il tarixinədək olan dövr olmaqla ümumilikdə 192 mln. manatı əhatə etmişdir