BAKI, 22 aprel. TELEQRAF

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 902 baş diri iribuynuzlu ətlik heyvanlar idxal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxal edilən mal-qaranın bir başının orta gömrük dəyəri 1036 dollardan (1761 manat) 674 dollara (1146 manat), Gürcüstandan isə 442 dollardan (752 manat) 306 dollara (520 manat) düşüb.

Qeyd edildiyi kimi, Azərbaycana idxal edilən ətlik iribuynuzlu heyvanların qiymətində enmə müşahidə olunur. Görəsən, pərakəndə ət məhsulları satışında qiymətlərin ucuzlaşması olacaqmı?

Mövzu ilə bağlı Teleqraf-a açıqlama verən iqtisadçı Eyyub Kərimli qeyd edib ki, Rusiyada rublun dəyər itirməsi heyvanların qiymətinin aşağı düşməsinə səbəb olub:

“Rusiyada rublun ucuzlaşması heyvanların qiymətinə təsir göstərib. Gürcüstanda isə daxili tələbatla yanaşı, ixracın təşviqi məqsədilə qiymətlərin aşağı salınması müşahidə olunur. Bu amillər idxal olunan heyvanların gömrük dəyərinin də enməsinə gətirib çıxarır”.

İqtisadçı bildirib ki, ölkədə daxili istehsalın yetərli olmaması və mal-qaranın sayında azalma ət idxalını daha da aktuallaşdırır:

“Hesab edirəm ki, heyvandarlıq sahəsinin inkişafı üçün diri heyvan idxalına tətbiq olunan gömrük rüsumlarında müəyyən güzəştlər nəzərdən keçirilə bilər. Azərbaycan Ukrayna, Belarus, İndoneziya, Monqolustan və digər ölkələrdən də ət idxal edir. Bu isə bəzi hallarda bazarda qiymətlərin ucuzlaşmasına səbəb olur”.

Eyyub Kərimli, mövsümi amillərin də qiymətlərə təsirsiz ötüşmədiyini bildirib:

“Yaz-yay aylarında təbii yem bazasının genişlənməsi maya dəyərin aşağı düşməsinə səbəb olur. Bu baxımdan yaxın aylarda ət qiymətlərində əlavə ucuzlaşma müşahidə oluna bilər”.

İqtisadçı Pərviz Heydərov isə ümumilikdə ərzaq idxalının artmasının müsbət hal olmadığını vurğulayıb: “Gömrük statistikasına nəzər salsaq, ölkəyə ərzaq məhsullarının idxalının getdikcə artdığını görərik. Xüsusilə, ət və ət məhsulların idxalının genişlənməsi yerli təsərrüfat və istehsal üçün mənfi fəsadlar yaradır”.

Ekspert qeyd edib ki, idxalın artmasının əsas səbəblərindən biri qiymət fərqidir:

“Keçən illə müqayisədə bu il qiymətlərin ucuzlaşması idxalı daha sərfəli edir. Eyni zamanda, daxili tələbatın tam ödənilməsində yaranan çətinliklər də bu prosesi sürətləndirir. Bəzi hallarda iribuynuzlu heyvanların ölkəyə gətirilməsi dövlət xətti ilə kənd təsərrüfatı məqsədilə həyata keçirilə bilər. Burada əsas narahatlıq doğuran məqam qiymətlərdəki fərqdir. Müəyyən uyğunsuzluq müşahidə olunur ki, bu da daxili bazarın ərzaq məhsulları üzrə asılılığını artırır”.

İqtisadçı əlavə edib ki, bu vəziyyətə müxtəlif amillər təsir göstərir:

“İdxal edilən ölkələrdə mal-qaranın sayının artması, istehsal xərclərinin daha aşağı olması, eləcə də dünya bazarında qiymətlərin dəyişməsi bu prosesə təsir edir. Ümumilikdə, mal-qaranın idxalı və qiymətlərin aşağı düşməsi Azərbaycanın kənd təsərrüfatı və heyvandarlıq sahəsi üçün həm müsbət, həm də mənfi təsirlər yaradır”.