BAKI, 22 aprel. TELEQRAF
Kənd Təssərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi arasında əkin sahələri və məhsuldarlıq göstəriciləri arasında ciddi fərqlər ortaya çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Kənd Təssərrüfatı Nazirliyində apardığı auditin nəticələrində bildirilib.
Sənədə görə, bir sıra eyni bitki növlərinin əkin sahələrinə dair KTN-nin göstəriciləri DSK-nın göstəricilərini 126,5 min hektar həcmində üstələyir. Bundan əlavə pambığın və tütünün istehsal həcminə dair KTN-nin göstəriciləri DSK-nın göstəricilərindən 25,3 min ton çoxdur. Bunun da bəzi səbəbləri təkrar əkinlərə aid göstəricilərin DSK tərəfindən dərc edilməməsi, əkin sahələrinin məhv olmasına dair göstəricilərin KTN (AKİA) tərəfindən araşdırılmaması və uçotunun aparılmaması ilə bağlıdır.
Yeri gəlmişkən, məhv olmuş əkin sahələrinə görə (44,4 min hektar) 10,1 mln. manat əkin subsidiyası ödənilib. Eyni zamanda pambığın və tütünün istehsal həcmlərinin DSK-nın göstəricilərini üstələməsi üzrə yaranmış fərqə görə 3,7 mln. manat məhsul subsidiyası ödənilib.