BAKI, 21 aprel. TELEQRAF
Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2,2% böyüyəcək. Buna səbəb neft hasilatının azalması və qaz istehsalının sabitləşməsidir.
Teleqraf xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in təhlilində qeyd edilib.
Agentliyin qiymətləndirməsinə görə, İran müharibəsi Qafqaz ölkələrinə birbaşa deyil, enerji və logistika xərclərinin artması vasitəsilə təsir göstərir:
“Bu ölkələrin uzunmüddətli şok inflyasiya risklərini artıracaq və xarici balans kəsirlərini genişləndirəcək. Bu, xüsusilə enerji idxalçısı olan Ermənistan və Gürcüstanda daha qabarıq hiss oluna bilər.
Bununla belə, daha güclü beynəlxalq ehtiyatlar, hələlik məhdud valyuta təzyiqləri və nisbətən təhlükəsiz enerji təchizatı qısa müddətli riskləri məhdudlaşdırır. Lakin növbəti mərhələdə inflyasiyanın təzyiqi qaçılmaz ola bilər. Belə ki, qlobal enerji qiymətlərinin artmasının nəqliyyat, kommunal xidmətlər və ərzaq xərclərinə təsir edəcək".
"Fitch Ratings"in ekspertləri bildirib ki, təzyiq həmçinin gübrə qiymətlərinin və digər idxal olunan xammalın bahalaşması ilə də arta bilər.
"Buna baxmayaraq, regionda real faiz dərəcələri müsbət olaraq qalır ki, bu da şok davam edərsə, mərkəzi banklara inflyasiya təsirlərini cilovlamaq üçün müəyyən imkan verir.
"Fitch Ratings" Gürcüstanda cari əməliyyatlar kəsirinin 2026-cı ildə ÜDM-in 5,3%-nə qədər artacağını proqnozlaşdırır. Ermənistanda isə bu göstəricinin 2025-ci ildəki yeddi ilin maksimumu olan 7,2%-dən 2026-cı ildə 5%-ə enəcəyi gözlənilir. Bununla belə, Gürcüstan və Ermənistanda ehtiyat buferləri əhəmiyyətli dərəcədə güclənib və 2022-ci ildən bəri güclü iqtisadi artımdan sonra artım tempinin yalnız cüzi zəifləyəcəyi proqnozlaşdırılır".
Agentliyin proqnozuna görə, region ölkələri üçün birbaşa enerji təchizatı riskləri məhdud görünür.
"Gürcüstan qazın böyük hissəsini Azərbaycandan alır və ölkənin neft-qaz infrastrukturu birbaşa risk altında deyil. Ermənistan isə Rusiyanın “Gazprom” şirkəti ilə uzunmüddətli sabit tarifli qaz sazişinə malikdir.
Valyuta məzənnələri üzərində təzyiqlər də zəif olaraq qalır. Müharibənin ilk ayında Gürcü larisi və Ermənistan dramı ABŞ dollarına qarşı ümumilikdə sabit qalıb”"