BAKI, 11 sentyabr. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28 milyard 187,3 milyon ABŞ dolları təşkil edib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən isə idxal baş tutub.
Ticarət dövriyyəsinin 14 milyard 572,5 milyon dollarını və ya 51,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 13 milyard 614,8 milyon dollarını (48,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 957,7 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artmış, real ifadədə isə 5,1 faiz azalıb. İdxal real ifadədə 1,2 faiz artmış, ixrac isə 9,6 faiz azalıb.
Cari ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 88 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 11,4 faiz artıb, real ifadədə isə 11,8 faiz azalıb.