BAKI, 22 aprel. TELEQRAF
Naxçıvanın Mərkəzi Seçki Komissiyasında (MSK) 2023 və 2024-cü illərdə sürücünün müvafiq olaraq 21 və 23 gün əmək məzuniyyətində olduğu dövrdə ümumilikdə 340,68 manat dəyərində yanacaq silinib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət Auditi" bülleteninin 2025-ci il üzrə dördüncü nömrəsində qeyd olunub.
Bildirilib ki, MSK-nın inzibati binasının dam örtüyündə Naxçıvanda rabitə xidmətləri göstərən müvafiq hüquqi şəxsə məxsus paylayıcı qurğu olduğu halda icarə müqaviləsi bağlanmayıb və icarə üçün dövlət büdcəsinə heç bir ödəniş edilməyib.
MSK tərəfindən 2023-cü, 2024-cü və 2025-ci ilin birinci rübü üzrə alınan dəftərxana və təsərrüfat mallarının ilkin uçotu aparılsa da, malların işçilər arasında paylanılması barədə cədvəllər və silgi aktları tərtib edilməyib.
Bundan əlavə, 2024-cü ilin avqust ayında kollektiv mükafatlandırma zamanı vəzifə maaşı mislində deyil, vəzifə maaşına əlavələr də nəzərə alınaraq işçilərə mükafat hesablanıb ki, nəticədə aylıq vəzifə maaşından əlavə olaraq 13 min 139,50 manat hesablanıb və 9 min 384,96 manat işçilərin kartlarına köçürülüb. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna (22%) 2890,69 manat, İcbari Tibbi Sığorta Fonduna (2%) 262,79 manat və İşsizlikdən Sığorta Fonduna (0,5%) 65,70 manat hesablanaraq ödənilib.
MSK tərəfindən 2024-cü il üzrə satınalmalar həyata keçirilərkən ilkin satınalma planı hazırlanaraq təsdiq edilməyib və dövlət satınalmaları vahid internet portalında yerləşdirilməyib. Naxçıvanın Ali Məclisinə Seçkilərlə bağlı 2024-cü ildə ayrılan vəsaitdən Mərkəzi Seçki Komissiyası tərəfindən dəftərxana və mətbəə məhsullarının alınması üçün birbaşa müqavilə bağlanılmaqla 21 min 914,43 manat vəsait müvafiq şirkətin bank hesabına ödənilib, lakin malların alınmasına dair təhvil-təslim aktı tərtib edilməyib.
MSK-nın balansında olan əsas vəsaitlərə və ehtiyatlara nəzər saldıqda məlum olub ki, Muxtar Respublikada yerləşən və daimi fəaliyyət göstərən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının strukturuna daxil olan 6 Dairə Seçki Komissiyasında əməyin ödənişləri və digər bütün xərclər Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən maliyyələşdirildiyi halda, binalar və qazanxanalar əsas vəsait kimi Naxçıvan Mərkəzi Seçki Komissiyasının balansındadır. Binanın içində olan əsas vəsaitlər (mebelllər, kompüter avadanlıqları və digər əsas vəsaitlər, həmçinin bütün ehtiyatlar) Azərbaycan Mərkəzi Seçki Komissiyasının balansındadır. 2023-2024-cü illərdə Dairə Seçki Komissiyalarının binalarına və qazanxanalarına görə 114 min 487,84 manat amortizasiya xərci hesablanıb.