BAKI, 22 aprel. TELEQRAF

Dövlət Statistika Komitəsinin tabeli qurumu olan “Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi” MMC-nin Komitənin inzibati binasında 279,57 kv.m sahədə yerləşməsinə və fəaliyyət göstərməsinə baxmayaraq, icarə müqaviləsi bağlanmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət Auditi" bülleteninin 2025-ci il üzrə dördüncü nömrəsində qeyd olunub.

Bildirilib ki, Komitə tərəfindən istismarda olan ümumilikdə 2600 kv.m ölçüdə olan 42 min 952 manat dəyərində, o cümlədən, 2019-cu ildən 4 min 625,6 manat dəyərində 280 kv.m, 2020-ci ildən 38 min 326,4 manat dəyərində 2320 kv.m jalüz pərdə mühasibat uçotunda 231 №li “ Torpaq, tikili və avadanlıqların dəyəri” hesabında uçota alınmayıb.

Nəticədə Aparat üzrə 2024-cü il üçün tərtib edilmiş ”Maliyyə vəziyyəti haqqında hesabat”ın “Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər”, “Uzunmüdətli aktivlər” və “Cəmi xalis aktivlər (kapital)” maddələri, “Hesabat dövrü üzrə” və “Əvvəlki dövr üzrə” göstəricilər 42 min 952 manat dəyərində az əks etdirilib.

"Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi" MMC ilə "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" arasında 8 min 500 manat, həmçinin "İqtisadi Elmi Tədqiqat İnstitutu" ilə 5 min 300 manat məbləğində müqavilə bağlanılıb. Lakin qeyd edilən müqavilələr üzrə cəmi 2 min 484 ƏDV məbləği hesablanmayıb.