BAKI, 10 sentyabr. TELEQRAF
Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
Teleqraf xəbər verir ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.
Tənzimləyicidən bildirilib ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.