BAKI, 13 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında Milli Depozit Mərkəzi manatla buraxılmış qiymətli kağızlar üzrə ümumilikdə 2 milyard 229,7 milyon manatlıq ödəniş həyata keçirib.

Milli Depozit Mərkəzindən Teleqraf-a verilən məlumata görə, bu ödənişlərin 73,3 %-i, yəni 1 milyard 635,08 milyon manatı dövlət istiqrazlarına aid olub (onlardan 261,41 milyon manat kupon ödənişi təşkil edib). 12,1 %-i, yəni 270,2 milyon manat Azərbaycan Mərkəzi Bankının notları üzrə, 5,6 %-i, yəni 124,42 milyon manat korporativ istiqrazlar üzrə (onlardan 14,42 milyon manat kupon ödənişi olub), 9 %-i isə, yəni 200 milyon manat səhmlər üzrə dividend ödənişləri şəklində həyata keçirilib.

Həmçinin, yanvar-iyun aylarında xarici valyutada buraxılmış qiymətli kağızlar üzrə 49,34 milyon ABŞ dolları ödəniş olunub. Bunun 41,1 %-i, yəni 20,3 milyon dollar dövlət istiqrazlarına aid olub (0,3 milyon dollar kupon ödənişi daxil olmaqla), 58,9 %-i isə, yəni 29,04 milyon dollar korporativ istiqrazlar üzrə ödənilib (onlardan 19,04 milyon dollar kupon ödənişi təşkil edib).