BAKI, 17 dekabr. TELEQRAF
Ağdərə rayonunun bir neçə kəndində fərdi yaşayış evlərinin təmirinə 11,4 milyon manat vəsait xərclənəcək.
Teleqraf xəbər verir ki, bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bir neçə şirkət ilə bir mənbədən müqavilələr imzalayıb.
Aşağı Oratağ kəndindəki evləri “Ulduz Park” MMC təmir edəcək. Bu şirkət ilə bağlanan müqavilənin dəyəri 4 milyon 408 min 117,46 manatdır.
“Bəyaz İnşaat” MMC Vəngli kəndində cari təmir işlərini icra edəcək. MMC ilə bağlanan müqavilənin dəyəri 1 milyon 887 min 300,85 manatdır.
Xidmət Heyvalı kəndində yerləşən fərdi yaşayış evlərinin təmiri ilə bağlı da müqavilə imzalayıb. Bu işlərin müqabilində Fərid-İnşaat Firmasına 1 milyon 652 min 808,51 manat ödəniləcək.
Çapar kəndində təmir işləri “Tutto Bello” MMC tərəfindən 1 milyon 563 min 106,34 manata görüləcək.
Kəndlərdə bu ilin dekabrında başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.
Yeri gəlmişkən bildirək ki, “Bəyaz İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 318 min 708 manat olan şirkətin qanuni təmsilçisi Yusil Yusiflidir.
“Ulduz Park” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əsəd Məmmədovdur.
2004-cü ildə dövlət qeydiyyatına alınan Fərid-İnşaat Firmasının nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Sübhan Həsənovdur.
“Tutto Bello” MMC isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Anar Məmmədovdur.