BAKI, 17 dekabr. TELEQRAF
Avropa İttifaqının qaz idxalının 13, neftin isə 2 faizi Rusiyanın payına düşür.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində bildirib.
O, eyni zamanda Avropa Komissiyasının “Rusiyadan enerji resurslarının idxalına birdəfəlik son qoyulmasını” tələb etdiyini vurğulayıb.
Fon der Leyen qeyd edib ki, Rusiyanın Aİ-yə qaz idxalı, o cümlədən LNG və boru kəməri qazı müharibədən əvvəlki 45%-dən bu gün 13%-ə düşüb. Neft idxalı isə 26%-dən 2%-yə düşüb.
Qeyd edək ki, Avropa İttifaqı 2022-ci ilin dekabrın 5-dən üzv ölkələrdə Rusiyadan neft idxalını qadağan edib. Yalnız Macarıstan və Slovakiya istisna təşkil edib.
Bu ilin dekabr ayında isə Aİ Şurası 2028-ci ilin yanvarın 1-dən Rusiyadan qazın satın alınmasını tam qadağan edən qərar qəbul edib. Bu qərar sanksiya xarakteri daşımır və ticarət siyasəti çərçivəsində daimi olaraq tətbiq ediləcək.
Enerji üzrə Avropa Komissarı Dan Yorgensen isə bildirib ki, 2026-cı ilin əvvəlində Rusiya neftinə tam qadağa haqqında qərar layihəsi, növbəti il isə Rusiyanın nüvə yanacağına qadağa layihəsi təqdim olunacaq.