BAKI, 1 avqust. TELEQRAF
Azərbaycanın xarici dövlət borcu ÜDM-in cəmi 6,5 faizini təşkil edib.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə 1 iyul 2025-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ cari il üzrə 130 milyard 662,5 milyon manat (təxminən 76 milyard 860,3 milyon ABŞ dolları) həcmində proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 6,5 faizinə bərabər olub.
Xarici valyuta məzənnələrində baş verən dəyişikliklər də nəzərə alınmaqla, 2025-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcu mütləq ifadədə 119 milyon ABŞ dolları və ya 2,4 faiz azalıb.
2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir.
Qeyd edək ki, 1 iyul 2025-ci il tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalıb.