BAKI, 12 oktyabr. TELEQRAF

“Bu gün ukraynalı uşaqlar növbəti dəfə sosial reabilitasiya məqsədilə Azərbaycana gətirilib. Uşaqların Azərbaycana gətirilməsində əsas məqsəd onların burada olduqları müddətdə sosial reabilitasiyasını həyata keçirməkdir”.

Teleqraf xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, uşaqlar Azərbaycanda olduqları müddətdə Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaqlar.

“On günlük müddət ərzində onların həmin bərpa mərkəzində həm sosial, həm də tibbi reabilitasiyası həyata keçiriləcək. Sosial reabilitasiya çərçivəsində onlar üçün fərdi və qrup məşğələləri formasında psixoloji konsultasiyalar, art-terapiya və digər zəruri sosial reabilitasiya tədbirləri təşkil olunacaq. Tibbi reabilitasiya çərçivəsində isə onlar müxtəlif reabilitasiya xidmətlərindən yararlanacaq, müalicəvi vannalardan və hovuz xidmətlərindən istifadə edəcəklər. Uşaqların burada olmasının əsas məqsədi Ukraynadakı mövcud vəziyyətdən irəli gələn təsirlərin azaldılması və onların sosial reabilitasiyasının həyata keçirilməsidir”, – P. Səfərov qeyd edib.