BAKI, 30 iyul. TELEQRAF
İcbari tibbi sığorta fondunun sifarışı ilə keçirilən satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə nöqsanlara yol verilib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının İcbari tibbi sığorta fondunun (Fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrası ilə bağlı auditinin nəticələrində qeyd edilir.
Bildirilir ki, satınalmalarda alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin aşağı, bəzi hallarda isə çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin mallar üzrə alışların həyata keçirilməsi, bir sıra hallarda isə alınmış malların anbarda hərəkətsiz qalması, il daxilində eyni malların müxtəlif qiymətlərə alınması (bəzən eyni podratçılardan), bir sıra malların 2023-cü ildə 2022-ci ilə nisbətən və 2024-cü ildə 2023-cü ilə nisbətən əsaslandırılmamış baha alınması, tender predmetinin səmərəli və effektiv bölgüsünün uyğun aparılmaması nəticəsində xüsusən dövlət proqramları çərçivəsində dərman vasitələrinin alınması zamanı ehtimal qiymətdən və Tarif Şurası ilə müəyyən edilmiş qiymətlərdən baha alınması satınalmaların effektivliyini aşağı salan amillərdən olub. .
Faktiki olaraq satınalma predmetlərinin və hətta podratçıların illər ərzində təkrarlanmasına və alışların proqnozlaşdırıla bilinən olmasına baxmayaraq, proqnozlaşdırma işləri tələblərə uyğun qurulmamış, məbləğ olaraq iki ilin yekununa görə satınalmaların 70%-i ilin son iki rübündə keçirilib.
Bəzi hallarda bir mənbədən satınalma üçün alınmış icazələr üçün göstərilmiş əsaslar icra prosesində təsdiqini tapmayıb. Bu isə əsassız olaraq müsabiqəsiz şərtlərin tətbiq edilməsinə şərait yaradıb.
Dərman, tibbi sərfiyyat və avadanlıqların, xüsusilə də dövlət proqramları ilə alınan malların bu istiqamətlərdə ayrılmış vəsaitlərin həmin il daxilində ehtiyacların ödənilməsi üçün ayrıldığını nəzərə alaraq malların məhz həmin il daxilində çatdırılmaması əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb. Alışlar zamanı müvafiq podratçılara 127,6 mln. manat dəyərində malların saxlanca geri verilməsi zamanı zəruri məlumatlar əsasında uçotun aparılmaması son təyinat nöqtələri olan tibb müəssisələrinə təhvil verilmişmalların yararlılıq müddətlərinin satınalma və müqavilə şərtlərinə uyğunluğunda əsaslı riskləri formalaşdırıb.
Qeyd edək ki, son 2 ildə 277 satınalma keçirib. Həmin satınalmalar nəticəsində 757136,3 min manat dəyərində müqavilə bağlanılıb. 2023-2024-cü illərdə cəmi satınalmaların 43,0%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb.
Qeyd edək ki, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 milyard 941 milyon 690 min manat məbləğində təsdiqlənib.