BAKI, 30 iyul. TELEQRAF

2024-cü il üzrə Neft Fondunun borc öhdəlikləri və pul bazarları alt portfelindən 2024-cü ildə yüksək məbləğdə kapital çıxışı baş verib.

Teleqraf xəbər verir ki, Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında rəyində bildirilir.

Qeyd edilir ki, kotirovka olunan səhm alt portfelində isə yeni investisiya və ya likvidasiya baş verməyib.

Hesabat ilində borc öhdəlikləri və pul bazarları alt portfelindən azaldılan vəsait daşınmaz əmlak alt portfelinə 353,8 mln. ABŞ dolları, özəl səhm portfelinə 248,2 mln. ABŞ dolları, qızıl alt portfelinə isə 3 610,9 mln. ABŞ dolları vəsait yönəldilib.

2024-cü ildə valyuta riski borc alətləri və daşınmaz əmlak alt portfellərinə mənfi təsir edib. Qızıl alt portfeli isə bu riski kompensasiya edib.

Ümumilikdə, 2024-cü il ərzində Fondun büdcə gəlirləri 10 milyard 611,2 mln. ABŞ dolları, büdcə xərcləri isə 7 milyard 586,1 mln. ABŞ dolları təşkil edib.

Gəlirlərin 3 milyard 409 mln. ABŞ dolları Fondun aktivlərinin idarə olunmasından əldə edilmiş investisiya gəlirləri hesabına formalaşıb. Hesabat dövründə Fondun nəğd daxilolmaları 7 milyard 202,2 mln. ABŞ dolları səviyyəsində olub. Bu da ümumi büdcə gəlirlərinin təxminən 67,9%-ni təşkil edir. Eyni zamanda, büdcə xərclərinin 383,9 mln. ABŞ dolları həcmində olan hissəsi nəğd pul axınları ilə əhatə olunmayıb. Sözügedən vəsaitin maliyyələşdirilməsi Fondun yüksək likvidlikli Borc Öhdəlikləri və Pul Bazarları alt portfelindən vəsait çıxarılması hesabına təmin edilib.