BAKI, 24 iyul. TELEQRAF

Dövlət Neft Fondu (ARDNF) 24 iyul 2025-ci il tarixində media nümayəndələri üçün “ARDNF-nin investisiya portfeli və gəlirlilik yanaşması” mövzusunda təlim təşkil edib.

Teleqraf xəbər verir ki, tədbirin məqsədi Fondun investisiya strategiyası, aktivlərin bölgüsü və gəlirlilik göstəriciləri barədə media nümayəndələrinə daha dolğun və təhlilə əsaslanan məlumat təqdim etmək, həmçinin bu mövzularda ictimai məlumatlılığın artırılmasına töhfə vermək olub.

Təlimin ilk təqdimatında Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy suveren sərvət fondlarının investisiya portfellərinin formalaşdırılması prinsiplərindən və bu sahədə beynəlxalq təcrübələrdən danışıb. O, ARDNF-nin investisiya strategiyasının əsas elementlərini və risklər nəzərə alınmaqla tətbiq olunan portfel modelini ətraflı şəkildə təqdim edib.

Ardınca eyni departamentin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsinin müdiri Toğrul Rəhimbəyli investisiya portfelinin altportfelləri üzrə gəlirlilik göstəricilərinin hesablanmasına dair texniki və metodoloji yanaşmaları iştirakçıların diqqətinə çatdırıb.

Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.