BAKI, 10 iyul. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 103 ölkəyə məhsul ixrac olunub, 153 ölkədən idxal olunub.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər veri ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmadan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 20269,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10304,3 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunan məhsulların, 9964,8 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 339,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,6 faiz artıb, real ifadədə 1,1 faiz azalıb. İdxal real ifadədə 10,3 faiz artıb, ixrac isə 8,8 faiz azalıb.

2025-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı 1407,5 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 11,4 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,5 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,3 faizi Rusiya, 8,4 faizi Çin, 3,2 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, hər biri 2 faiz olmaqla Xorvatiya və Rumıniya, hər biri 1,7 faiz olmaqla Yunanıstan, Avstraliya və İsveçrə, hər biri 1,6 faiz olmaqla Çexiya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstan və Portuqaliya, 1,2 faizi İran, hər biri 1,0 faiz olmaqla Meksika, Özbəkistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Yaponiya və Niderland, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.