BAKI, 24 may. TELEQRAF
BP bir əsrdən artıq tarixə malik “Castrol” sürtgü yağları biznesinin satışına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə proseslə bağlı məlumatlı olan iki şəxs bildirib.
Qeyd edilib ki, bu, Britaniya enerji nəhəngi üçün səhm qiymətini artırmaq məqsədilə həyata keçirilən aktivlərin satışı planında mühüm addımdır.
BP bölmənin satışını həyata keçirmək üçün “Goldman Sachs” investisiya bankı ilə razılaşıb. Məlumata görə, şirkət artıq potensial özəl investisiya fondlarına və strateji alıcılara müraciət edib və onlara məlumat sənədi göndərib.
Xatırladaq ki, mart ayında Səudiyyə Ərəbistanının neft şirkəti “Aramco” bu biznes üçün təklif verməyi nəzərdən keçirən tərəflər arasında idi. Lakin satış prosesinin başlanması və “Goldman Sachs”ın cəlb olunması barədə məlumat verilməmişdi.
İkinci mənbənin sözlərinə görə, satışdan 8 milyarddan 10 milyard dollara qədər gəlir əldə oluna bilər. Bu məbləğ “Castrol”un 2024-cü il üçün nəzərdə tutulan əsas gəlir göstəricisinə — 1 milyard dollara əsaslanır.
“Reuters”in sorğusuna cavab olaraq BP “Castrol”un satışı ilə bağlı detallara münasibət bildirməyib, lakin qeyd edib ki, aktivlərin satışı proqramı davam edir və artıq 20 milyard dollarlıq hədəfin ilk 1.5 milyard dolları üzrə sazişlər imzalanıb.
"Biz böyüməyə hazırlaşmaq və xalis borcumuzu azaltmaq üçün kapitalı yenidən bölüşdürür və portfelimizə daha çox diqqət ayırırıq. Bu strategiyaya “Castrol”un nəzərdən keçirilməsi də daxildir," – deyə şirkətin bəyanatında qeyd olunub.
Qeyd eək ki, BP bu ilin fevral ayında 2027-ci ilə qədər borc yükünü azaltmaq, aktivlərin realizəsindən 20 milyard dollar toplamaq məqsədilə "Castrol”un satışını nəzərdən keçirildiyini açıqlamışdı.
“Bernstein” analitikləri bu ayın əvvəlində bildirmişdilər ki, “Castrol” “Shell” və “ExxonMobil”dən sonra dünyanın üçüncü ən böyük müstəqil sürtgü yağları şirkəti olaraq 10–11 milyard dollar dəyərində ola bilər.