BAKI, 23 may. TELEQRAF
“Azərbaycanda investisiya fondlarının yaradılmasına maraq olmasına baxmayaraq, bu sahədə əsas problem özəl maliyyə sektorunda bu tip depozitarların mövcud olmamasıdır”.
Teleqraf xəbər verir ki bu açıqlamanı Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müşaviri Müşfiq Əhmdəli “Maliyyə İnvestisiya Forumu 2025”də deyib.
Onun sözlərinə görə, bu depozitarların olmamasının səbəbi isə mövcud bazar həcmləri və şərtlər altında onların yaradılmasının gəlirli olmamasıdır: "Bu vəziyyəti nəzərə alan nəzarət orqanı qanuna dəyişiklik təklif edərək investisiya fondlarının depozitar funksiyasının MDM-ə verilməsini təmin etdi. Artıq Milli Depozit Mərkəzi lisenziya almadan investisiya fondlarının aktivlərinin depozitarlığını həyata keçirə bilər.
MDM bu funksiyanın həyata keçirilməsi üzrə layihəyə başlayıb və ilkin əməliyyat sxemləri hazırlanıb. Layihənin tətbiqi isə bir neçə sistemlər arasında məlumat mübadiləsini tələb etdiyindən mərhələli şəkildə həyata keçiriləcək”.
Azərbaycanda 15 il bundan əvvəl “İnvestisiya fondları haqqında” yeni qanun qəbul edilsə də, bu günə qədər ölkədə bir dənə belə investisiya fondu yaradılmayıb.