BAKI, 21 may. TELEQRAF
Avropanın yeraltı qaz anbarlarına qazın xalis vurulması yay mövsümünün əvvəlində 12 milyard kubmetri ötüb. Növbəti qış üçün anbarların 90%-ə qədər dolu olması üçün tələb edilən hədəf 61 milyard kubmetrdir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Cari göstəricilər qorunub saxlanılarsa, Avropa İttifaqı (Aİ) öz anbarlarını tələb olunan səviyyəyə yalnız noyabrın ortalarında qədər doldura bilər. Bununla yanaşı, Aİ ölkələri tərəfindən mayda maye təbii qazın (LNG) idxalı rekord səviyyədə davam edir.
19 may tarixində Aİ ölkələrinin anbarlarına vurulan qazın həcmi 282 milyon kubmetr təşkil edib. Çıxarılan qazın həcmi isə 53 milyon kubmetrə yüksəlib. Mayda çıxarılan qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7% az, vurulan qaz isə 13% çox olub. Qış mövsümündə qaz ehtiyatlarının yüksək sürətlə sərf olunması fonunda anbarlardakı ümumi qaz ehtiyatı mayın əvvəlinə 49,1 milyard kubmetr qaz (ötən illə müqayisədə 33% az) olub.
Hazırda Avropanın yeraltı qaz anbarları 44,91% doludur (bu, son beş ilin eyni tarixi üzrə orta göstəricidən 10,59 faiz bəndi azdır), ötən ilin müvafiq dövründə isə bu göstərici 67,1% təşkil etmişdi. Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il 1 noyabr tarixinədək anbarlarının ən azı 90% dolu olmasını təmin etməlidirlər. Eyni zamanda bu tələb Avropa qaz bazarında qiymət artımını əlavə olaraq stimullaşdırır. Hesablamalara görə, qarşıdan gələn anbarların doldurulma mövsümündə Avropanın xalis qaz vurulması ən azı 61 milyard kubmetr olmalıdır ki, bu da doluluq normasına cavab versin. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50% çoxdur və tarixdəki ən yüksək göstəricilərdən biridir.
Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumunun (GECF) gözləntisinə görə, Aİ bu yay anbarlarını 90% doldurmaqda ciddi çətinliklərlə üzləşəcək. proqnozlaşdırır ki, yay aylarında qazın birja qiymətləri qışdakından yüksək olacaq, bu isə qazın anbarlara vurulmasının iqtisadi məqsədəuyğunluğunu azaldır.