BAKI, 21 may. TELEQRAF
Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyinin təşəbbüsü ilə ölkəmiz Təl-Əvivdə keçirilən “Tel Aviv EAT 2025” qida festivalında iştirak edir.
Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, burada məqsəd İsrail bazarında Azərbaycanın tanıdılması və ölkəmizin mədəni-turizm imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.
Azərbaycanın İsraildəki Səfirliyinin tərəfdaşlığı ilə təşkil olunan və dünyanın ən böyük ictimai qida festivallarından biri sayılan tədbirdə Azərbaycan guşəsi fəaliyyət göstərir, milli mətbəx nümunələri ziyarətçilərə təqdim edilir, eyni zamanda Azərbaycan haqqında məlumatlandırıcı materiallar və tanıtım çarxları nümayiş olunur.
Qeyd edək ki, festival mayın 22-dək davam edəcək.
Onu da bildirək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 13 636 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artım deməkdir.


