BAKI, 19 may. TELEQRAF

"Caspian Event Organisers" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, MMC-nin hazırda vergi borcu 113 min 888.14 manat təşkil edir.

"Caspian Event Organisers" (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqres təşkilatçısıdır. Şirkətin təşkilatçılığı ilə keçirilən tədbirlər arasında: ADEX, Caspian Agro, InterFood Azerbaijan, TransLogistica Caspian, Road&Traffic, Securex Caspian, Rebuild Karabakh, Medinex, Beauty Azerbaijan, Baku Book Fair, Fərqli Fərdlər yer alır.

Onu da bildirək ki, qurum bir sıra tenderlərin də qalibidir. Belə ki, 2024-cü ildə Azərbaycan Texniki Universiteti ilə "Təhsil sərgisində" iştirak üçün 20 000 manatlıq, "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) Publik Hüquqi Şəxsi ilə "Bakutel 2019" sərgisində iştirak məqsədilə 16.984,64 manatlıq, "Rebuild Karabakh 2024" sərgisində iştirak üçün icarə və sərgi stendlərinin quraşdırılması məqsədilə 2 qurumla- "Aqroservis" Açiq Səhmdar Cəmiyyəti və Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi ilə toplam 116 822 manat dəyərində müqavilə bağlayıb.

Bundan əlavə, cari ildə 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgilərində iştirak, həmçinin, Interfood Azerbaijan 2025 və Caspian Agro 2025 sərgilərində iştirak üçün Kiçik Və Orta Biznesin İnkişafi Agentliyi Publik Hüquqi Şəxsi ilə və "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyəti ilə ümumilikdə 227 min 419 manat dəyərində müqavilə imzalayıb.

Xatırladaq ki, "Caspian Event Organisers” MMC 2014-cü ilin mayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 400 manat təşkil edən MMC-nin qanuni təmsilçisi isə Hidayətzadə Bəhruz Tofiq oğludur.