BAKI, 15 may. TELEQRAF

Neft hasilatının azaldılması ilə bağlı sazişdə iştirak edən OPEC+ ölkələri 2025-ci ilin aprel ayında hasilatı sutkada 60 min barel artıraraq, könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla müəyyən edilmiş planı sutkada 1,23 milyon barel ötüblər.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında qeyd edilib.

BEA-nın məlumatına görə, könüllü ixtisarlar və artıq hasilatın kompensasiyası nəzərə alınmaqla OPEC+ ölkələri üçün saziş çərçivəsində apreldə müəyyən edilmiş hədəf hasilat səviyyəsi sutkada 33,78 milyon barel təşkil edib, lakin faktiki hasilat 35,01 milyon barelə çatıb. Beləliklə, plan üzrə artıq hasilat təxminən sutkada 1,23 milyon barel olub.

Agentliyin qiymətləndirməsinə görə, aprel ayında ən yüksək səviyyədə artıq hasilat Qazaxıstanda (plandan sutkada 390 min barel çox), Birləşmiş Ərəb Əmirliklərində (350 min barel), İraqda (330 min barel) və Rusiyada (həmçinin 330 min barel) qeydə alınıb.

Xatırladaq ki, ötən gün Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) may hesabatında qeyd edilmişdi ki, OPEC+ ölkələri 2025-ci ilin aprelində hasilatı gündə 27 min barel azaldıblar və könüllü ixtisarlar və kompensasiyalar nəzərə alınmaqla planlaşdırılandan 68 min barel az neft hasil ediblər.