BAKI, 11 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 29892,9 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Əlavə olaraq, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artıb.

ÜDM istehsalının 37,0 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 10,7 faizini təşkil edib.

Onu da bildirək ki, hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olub.