TBİLİSİ, 19 mart. TELEQRAF

Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı danışıqlar prosesi aparılır.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “BusinessPressNews” nəşrinə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.

Qeyd olunub ki, prosesə dəmir yolu administrasiyaları, eləcə də məsələ ilə bağlı hər iki ölkənin aidiyyəti qurumları arasında danışıqlar və texniki detalların dəqiqləşdirilməsi daxildir.

“Tərəflər intensiv iş aparırlar və qatarların hərəkətinin bərpası üçün əvvəlcədən elan edilmiş təxmini tarix - mayın 1-i bu gün də qüvvədədir”, - SC-dən bildirilib.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından dayandırılıb. Gürcüstan tərəfi bu ilin fevralında qatarların hərəkətinin mayın 1-dən bərpa olunacağını elan etsə də, Azərbaycan tərəfi məsələ ilə bağlı qərarın hələ qəbul olunmadığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-dək uzadılıb. Quru sərhədlər həmin tarixədək bağlı qalacağından Bakı və Tbilisi arasında dəmir yolu vasitəsilə sərnişin daşımalarının mayın 1-dən bərpa olunacağı gözlənilmir.