BAKI, 23 dekabr. TELEQRAF

Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya ölkədə biznes fəaliyyəti üçün geniş və əlverişli imkanlar yaradıb.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun prioritet istiqamət kimi inkişafı nəticəsində ixrac potensialı əhəmiyyətli dərəcədə genişlənib:

“Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.

Xarici sərmayədarların aktiv iştirakı ilə “yaşıl” enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda ortaq layihələr həyata keçirilir. Əldə olunan bu nəticələr beynəlxalq tərəfdaşlarla ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni birgə layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir.

Ölkə iqtisadiyyatında müşahidə olunan davamlı müsbət meyillər fonunda kredit reytinqimiz artıb və iki aparıcı beynəlxalq reytinq agentliyi (2024-cü ildə “Fitch Ratings” və 2025-ci ildə isə “Moody’s Ratings”) tərəfindən ölkənin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Bu mühüm nəticələr Azərbaycanı uzunmüddətli investisiyalar üçün daha cəlbedici edir”.