BAKI, 23 dekabr. TELEQRAF
Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı genişləndiriləcək.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar da bu siyahıyua əlavə ediləcək.
Bildirilib ki, asbest uzun iller ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizə 2023-cü ildə 591 ton asbest ve 30238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1045 ton asbest və 27634 ton terkibində asbest olan təbəqələr idxal edilmişdir.
Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.