AĞCABƏDİ, 23 dekabr. TELEQRAF
Ağcabədi rayonunda 1500 nəfər əhalisi olan Gələbədin kəndinə 20 gündür artezian quyusundan içməli suyun verilməsi dayandırılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, kənd sakinləri bildirir ki, Gələbədin kəndində artezian quyusu 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə qazılıb.
Kənd sakini Qədir Ələsgərov deyir ki, 300 təsərrüfatı olan kəndin suyu ödəniş edilməməsi səbəb gətirməklə kəsilib: “Biz Rayon İcra hakimiyyətinin başçısına, müavininə demişik, deyiblər ki, pul yığılması qanunsuzdur. Halbuki biz təsərrüfatbaşına 120 manat ödəmişik, çek də cibimizdədir. O çekə baxan yoxdur”.
Kənd sakini Famil Həsənov da təsdiq edir ki, qazılan quyudan verilən suya görə bir müddət ödəniş istənilməyib: "Bizə deyilmişdi ki, kəndə verilən içməli suyun xərcləri dövlət hesabına qarşılanır. 20 gün əvvələ kimi quyunun qeydiyyat nömrəsi içməli su olduğu halda, sonradan kimlər tərəfindənsə texniki su qeydiyyat nömrəsi ilə dəyişdirilib. Məhz bundan bizə 570 manatadək borc yarandığı iddia olunub.
Bu kənddə 300 təsərrüfat var. 300 ailənin su götürdüyü yer yalnız bu arteziandır. Artezian da 20 gündür dayanıb, guya enerji pulu öndənməyib. Bizə gəlib desələr ki, enerji ödənişinə borcunuz var, evbaşına 2-3 manatdan yığıb ödəyərik”.
Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismari İdarəsinin sahə rəisi Elxan Nağıyev Gələbədin kənd sakinlərinin iddialarına cavab olaraq bildirib ki, sakinlərin iki illik su borcu olduğu üçün suyun verilməsi dayandırılıb: “G1-19 reper nömrəli subartezian quyusunda 2024-cü ildə 300 manat, 2025-ci ildə 270 manat su pulu borcu yaranıb. Dəfələrlə kənd sakinlərinə və icra nümayəndəliyinə yazılı və şifahi məlumat vermişik. Amma heç bir nəticə olmayıb. Odur ki, subartezian quyusundan su verilişi dayandırılıb.
Hazırda artezianımız işlək və saz vəziyyətdədir. Dəfələrlə sakinlərə demişik, artezianın üstünə elan da vurulub ki, 2024-cü ildə 300 manat, 2025-ci ildə isə 270 manat borc ödənilməyib. Sakinlər deyir ki, artezian quyusuna ödəniş olunmamalıdır. Bu, səhv fikirdir“.