BAKI, 23 dekabr. TELEQRAF

2025-ci il üzrə təsdiq edilmiş hazırlıq planına uyğun olaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində silsilə maarifləndirici və ideoloji tədbirlər təşkil olunub.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm ictimai-siyasi əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, bu qərar hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, milli suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi önəm daşıyır və cəmiyyətin bütün sahələrində inkişaf prosesinə töhfə verir.

Tədbirlərin davamında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, bu Zəfərin əldə olunmasında xalqımızın nümayiş etdirdiyi möhkəm birlik və hərbçilərimizin göstərdiyi qəhrəmanlıq nümunələri vurğulanıb.

Şəhidlərimizin xatirəsinin daim uca tutulacağı qeyd edilib, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin, habelə Böyük Qayıdış prosesinin dövlətimizin və xalqımızın doğma torpaqlara verdiyi yüksək dəyərin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.