BAKI, 23 dekabr. TELEQRAF

"Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsinə verdikləri dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "MÜSİAD Azərbaycan" 5-ci ümumi yığıncağında deyib.

"Baş nazir Əli Əsədovla birlikdə 110 maddədən ibarət fəaliyyət planını imzaladıq. Hər zaman bir-birimizin yanındayıq. Keçən il ticarət dövriyyəmiz 8 milyard ABŞ dollarına çatdı. Liderlərimiz bu göstəricini 15 milyard dollara yüksəltməyi hədəf olaraq müəyyən ediblər. Azərbaycan - Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin də bu hədəfə töhfə verməsini arzulayıram.

Azərbaycanı şirkətlərini Türkiyəyə, Türkiyə şirkətlərini isə Azərbaycana sərmayə qoymağa dəvət edirik. Qarşılıqlı investisiyaların həcmi 39 milyard dolları keçib. Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələr daha da inkişaf edəcək. Azərbaycan və Türkiyə hər zaman birlikdədir", - deyə əlavə edib.