BAKI, 23 dekabr. TELEQRAF
Türkiyə və Azərbaycan iki prezidentin qoyduğu məqsədə - ticarət dövriyyəsinin on beş milyard dollara çatmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ticarəti həyata keçirənlər tacirlər, sənayeçilər, idxalçılar və ixracatçılardır:
“Biz onlarla yönverici işlərlə məşğuluq. Dünən Hökumətlərarası İqtisadi Komissiyanın iclasında vitse-prezidentimiz Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədov anlaşma imzaladı. Bütün nazirlər orada idilər və tapşırıqlarımızı aldıq. Qarşılıqlı investisiyaları artırmaq istəyirik. Azərbaycanda 18 milyard dollarlıq investisiya ilə 7000 türk şirkəti, Türkiyədə isə 21 milyard dollarlıq investisiya ilə 3000 Azərbaycan şirkəti var”.
Nazir 2021-ci ildə qüvvəyə minən güzəştli ticarət sazişini xatırladıb:
“Bundan əlavə, qarşılıqlı olaraq 2024-cü ildə qüvvəyə minən protokol imzaladıq. Artıq bunların ticarət və iqtisadi münasibətlərimizdə müsbət təsirlərini gördük. Türkiyə-Azərbaycan Azad Ticarət Sazişini görmək istərdik. Hər iki hökumətin texniki qrupları bu məsələni müzakirə edir, təsir təhlilləri və qiymətləndirmə tədqiqatları aparır. Ümid edirəm ki, vaxt keçdikcə buna nail olacağıq”.