BAKI, 23 dekabr. TELEQRAF
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Kamçıbek Taşiyev rəhbərlik etdiyi qurum və hüquq-mühafizə orqanlarının yanvarın 1-dən etibarən sahibkarlara qarşı əsassız yoxlamalar aparmağı dayandıracağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Taşiyevin sözlərinə görə, prioritet sahibkarların qanuni hüquqlarının qorunması və iqtisadi azadlığın təmin edilməsi olacaq. Həmçinin, qanunsuz fəaliyyətlə məşğul olanlara qarşı sərt cəzalar tətbiq olunacaq.
Milli Təhlükəsizlik Komitəsinin rəhbəri həmçinin vurğulayıb ki, 2026-cı ildə maliyyə, energetika və mədən sektorları, eləcə də ictimai xidmət mərkəzləri daxil olmaqla bütün dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Kamçıbek Taşiyev bildirib ki, Qırğızıstan mütəşəkkil cinayətkar qruplardan tamamilə qurtulub, ona görə də gələcəkdə cinayətkar qruplarla əlaqədə olduqları iddia edilən insanları məsuliyyətə cəlb etməyə ehtiyac yoxdur.