BAKI, 23 dekabr. TELEQRAF

2025-ci ildə Qazaxıstanın Manqistau vilayətində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yük daşımalarının həcmi 20 faiz artaraq 2,5 milyon ton olub.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin akimi (qubernator) Nürdaulet Kilıbay məlumat verib.

Həmçinin o qeyd edib ki, “Semurg Invest” şirkəti 2027-ci ilə qədər donanmanı 6 gəmiyə qədər genişləndirməyi planlaşdırır. Bu il 7 min tonlıq bir gəmi dənizə çıxarılıb.

Kilıbay əlavə edib ki, 2026-cı ildə bölgədə yeni dəniz limanının tikintisi başlayacaq. Prezident Kasım-Jomart Tokayev və hökumətin investorların cəlb olunması ilə bağlı tapşırığı çərçivəsində il ərzində danışıqlar aparılıb.

“Hazırda investisiya sazişləri yekunlaşma mərhələsindədir, bu ilin sonu - gələn ilin əvvəlində imzalanacaq, tikinti işləri isə 2026-cı ilin ikinci rübündə başlayacaq. Hazırda torpaq sahəsi müəyyənləşdirilir, sənədləşmə işləri aparılır. Layihə yeni Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Avropa beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasına töhfə verəcək”, - Manqistau vilayətinin qubernatoru vurğulayıb.