BAKI, 23 dekabr. TELEQRAF

Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyəti geniş miqyas alıb.

Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə şirklərinin müxtəlif sahələrdə fəaliyyət göstərməsi biznes mühitinə etimadın və uzunmüddətli marağın göstəricisidir:

“Türkiyə investisiyaları ölkəmizdə elektrotexnika, əczaçılıq, qida sənayesi, tikinti materialları, kənd təsərrüfatı, pambıq emalı və digər sahələri əhatə etməklə yeni iş yerlərinin yaradılmasına və ixracyönümlü istehsalın inkişafına mühüm töhfə verir. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur.

Türkiyəli investorlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması prosesində ən fəal iştirak edən tərəfdaşlar sırasındadır”.

Nazir müavini həmçinin bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarından biridir:

"Hazırda qüvvədə olan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrimizin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı ticarətin daha da genişlənməsi üçün əlverişli institusional baza yaradır.Ticarət əlaqələrimizin daha da inkişafı üçün geniş potensial var. Bugünkü tədbirin əsas məqsədlərindən biri də bu imkanları reallaşdırmaqdır”.

O əlavə edib ki, Türkiyə ilə enerji əməkdaşlığı artıq regional çərçivədən kənara çıxan strateji məzmun daşıyır:

“İcra olunan enerji layihələri enerji təhlükəsizliyinə, bazarların şaxələndirilməsinə və yeni tərəfdaşlıqlara xidmət edir. Bu sahədə dialoqun dərinləşməsi investisiya gündəliyini də genişləndirir. Xüsusilə “yaşıl enerji” istiqamətində yeni imkanlar yaranır və bu imkanların real layihələrə çevrilməsi üçün özəl sektorun iştirakı daha da artırılmalıdır”.