BAKI, 23 dekabr. TELEQRAF

Türkiyə şirkətləri Qarabağın bərpasına 5 milyard dollar dəyərində layihələrin icrası ilə töhfə verib.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

O qeyd edib ki, Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayıb:

“Türkiyə podratçıları dünyada ümumilikdə yarım trilyon dollardan çox, 550 milyard dolları aşan dəyərdə, 12 min 600-dən artıq layihə ilə qlobal miqyasda ciddi nüfuz və uğur qazanıblar. Bu çərçivədə, Türkiyə şirkətləri indiyədək Azərbaycanda təxminən 560 layihə icra edib”.

Ö. Bolat vurğulayıb ki, Qarabağın yenidən qurulması prosesində Türkiyə şirkətləri 5 milyard dollardan artıq dəyərində layihələrdə iştirak ediblər.

Nazir bildirib ki, hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir.