BAKI, 23 dekabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) faktiki olaraq Ermənistan Baş naziri Nikol Paşinyanı seçki avtoritarizmi formalaşdırmaq yolunda təşviq edir”.

Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib.

Ekspertin sözlərinə görə, Aİ 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Rusiyadan Ermənistana hibrid təhlükələrə qarşı mübarizə üçün 12 milyon avro ayırmağı planlaşdırır:

“Əslində, Aİ rəsmiləri Paşinyanın müxalifətə qarşı repressiv fəaliyyətini təşviq edir və faktiki olaraq ona seçki avtoritarizmini qurmaq üçün “yaşıl işıq” yandırıblar”.

Surenyants qeyd edib ki, Aİ-nin məqsədi Nikol Paşinyanı hakimiyyətdə saxlamaq, müxalif qüvvələri (rusiyapərəst dairələri) zərərsizləşdirməklə onların iqtidara gedən yolunu bağlamaqdır. Ekspert əlavə edib ki, Avropa İttifaqı Moldovada keçirilən son parlament seçkilərində bu metodu uğurla tətbiq edib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Brüsseldən seçkilərə xarici (Rusiya) müdaxilənin qarşısını almaq üçün dəstək istəyib. Aİ buna cavab olaraq, 2026-cı il parlament seçkiləri ərəfəsində 12 milyon avro ayırmağa hazır olduğunu açıqlayıb. Bildirilib ki, vəsaitlər xarici informasiya manipulyasiyaları və müdaxiləyə qarşı mübarizə və kibertəhlükəsizliyin gücləndirilməsinə xərclənəcək.