BAKI, 23 dekabr. TELEQRAF
Rusiyalı oliqarx Roman Abramoviç Böyük Britaniyada dondurulmuş milyardlarla avronun Ukraynaya yönəldilməsi məsələsində Londonla ciddi qarşıdurma yaşayır.
Teleqraf xəbər verir ki, Böyük Britaniya hökuməti Abramoviçə “Çelsi” futbol klubunun satışından əldə edilən 2,8 milyard avronun humanitar məqsədlər üçün Ukraynaya verilməsi ilə bağlı 90 gün vaxt qoyub.
BBC-nin məlumatına əsasən, Baş nazir Kir Starmer bu barədə açıq mesaj verib:
“Mesajım aydındır: vaxt gedir. Öhdəliyinizi yerinə yetirin və pulu indi ödəyin”, – deyə Starmer bildirib.
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz də məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək, vəsaitin hələ də Britaniya bank hesabında dondurulmuş qalmasını “qəbuledilməz” adlandırıb.
Mübahisənin əsas səbəbi vəsaitin necə istifadə olunacağıdır. London israr edir ki, 2,8 milyard avro yalnız Ukraynadakı müharibə qurbanlarına yönəldilməlidir və bunun üçün xüsusi xeyriyyə fondu yaradılmalıdır. Abramoviç isə vəsaitin “bütün müharibə qurbanları” üçün istifadəsini tələb edir ki, bu da rusiyalı vətəndaşları da əhatə edir.
Britaniya hökuməti bildirib ki, əgər Abramoviç bu mövqedən geri çəkilməsə, London məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi” klubunu təxminən 140 milyon funt sterlinqə almışdı. Klub onun rəhbərliyi dövründə iki dəfə – 2012 və 2021-ci illərdə UEFA Çempionlar Liqasının qalibi olub. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviç Kremlə yaxınlığı səbəbilə Qərbin sanksiyalar siyahısına salınıb.
Bundan sonra o, klubu satışa çıxarıb və 2022-ci ilin mayında “Çelsi” ABŞ-li investor Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satılıb. Satışdan əldə olunan milyardlarla avro isə o vaxtdan bəri Böyük Britaniyada dondurulmuş vəziyyətdə qalır.
Abramoviç son illərdə ictimaiyyətdən uzaq görünür. O, 2022-ci ilin sentyabrında britaniyalı hərbçilərin Rusiya əsirliyindən azad edilməsində vasitəçi kimi çıxış etdiyi iddiaları ilə gündəmə gəlmişdi. Bununla belə, oliqarxın maddi çətinliklə üzləşdiyinə dair heç bir əlamət yoxdur – onun dəbdəbəli yaxtası müxtəlif ölkələrin sahillərində dəfələrlə görüntülənib.
Qeyd edək ki, oxşar məsələ yaxın günlərdə Avropa İttifaqı ölkələrinin gündəliyinə də çıxarılacaq. Aİ liderləri dondurulmuş Rusiya aktivlərinin taleyi ilə bağlı qərar verməyə hazırlaşır.
Xarici mətbuatın yazdığına görə, milyarderin yaxtası son olaraq Türkiyənin Bodrum bölgəsində görüntülənib.