BAKI, 23 dekabr. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan Kremli ona qarşı böyük təxribatçı fəaliyyətlərdən yayındırmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq, Rusiyadan ona edilən bütün dəvətləri məmnuniyyətlə qəbul edərək, Kreml sahibi Vladimir Putinlə görüş və müzakirələrə gedir. Paşinyanın buna ehtiyacı var. Halbuki baş nazir Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırır. Buna baxmayaraq, Paşinyan Kremllə dialoqdan qopmamağa çalışır.

Paşinyan yaxşı anlayır ki, Kreml və ətrafındakı şovinist dairələr Ermənistandakı radikallardan tutmuş kilsəyə qədər olan qüvvələri dəstəkləyir. Ancaq Paşinyan həmin qüvvələrlə mübarizə aparmaqla yanaşı, Kremli ona qarşı daha təxribatçı fəaliyyətlərdən yayındırmağa çalışır. Buna görə də, Paşinyan hər dəfə Moskva və Sankt-Peterburqdakı tədbirlərdə iştirak edir və Rusiyaya ayaq basan kimi sosial platformasında qaldığı otellərdən müxtəlif görüntülər paylaşır. Paşinyanın bu siyasətinin Kremldəkiləri məmnun etdiyini söyləmək çətindir”, - ekspert bildirib.