BAKI, 23 dekabr. TELEQRAF

"Türkiyə ilə Azərbaycan arasında ümumi investisiyalar 39-40 milyard dollara çatıb. Türkiyədə 3 min Azərbaycan şirkəti fəaliyyət göstərir".

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Onun sözlərinə görə, Azərbaycan da öz növbəsində Türkiyədən 7000 şirkətə ev sahibliyi edir və dövlət orqanları, bazar inkişafı və tənzimləmələri baxımından irəliləyiş var:

“İnvestisiyalar artdıqca ticarət də artır. Bunu hər yerdə gördük. Buna görə də, bu forumun məqsədi, eləcə də hökumətlərimizin və liderlərimizin məqsədi qarşılıqlı investisiyaları daha da artırmaqdır. Azərbaycanın iqtisadiyyatını enerji ehtiyatlarından tutmuş kənd təsərrüfatı və sənaye də daxil olmaqla digər sahələrə qədər müxtəlif sektorlarda şaxələndirmək səylərini yüksək qiymətləndiririk”.