BAKI, 23 dekabr. TELEQRAF
"Azərbaycanda emal və topdansatışda bir sıra təmərküzləşmə meyilləri müşahidə olunur".
Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Antiinhisar va İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri Cəfər Babayev deyib.
O qeyd edib ki, bu tam təsbit edilməyib: “Lakin nəzəri olaraq sövdələşmənin mövcud olduğu mümkündür. Ona görə ki, hər bir növbəti mərhələdə iştirakçıların sayı getdikcə azalır. Bizim tövsiyələrimizdən biri kənd təsəffüfatı məhsullarının satışı ilə əlaqadardır. Kənd təsəffüfatın məhsullarının satışı üçün bazarların təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Hazırda ölkədə təxminən 12-yə yaxın topdansatış mərkəzləri var. Qiymətlərə təsir edən məsələlərdən biri də satışda və kənd təsərrüfatı istehsalçıları arasında münasibətin tənzimləməsidir. Hazırda rəqəbət qanunvericiliyi bunu tam tənzimləmir, buna görə də bu sahədə əlavə tənzimləmə olmasını vacib hesab edirik".
Onun sözlərinə görə, bir çox ölkədə, o cümlədən Türkiyədə bu təcrübə var: "Bu, ticarət qanunvericiliyi adlanır və buraya istehsalçının pərakəndə və topdansatış müəssisələri ilə münasibətin tənzimləməsini əhatə edir. Bazar böyüdükcə hesab edirik ki, digər ölkələrdəki kimi bizdə də ticarət qanunvericiliyi öz təsbitini tapmalıdır. Digər bir məsələ də haqsız rəqabət sahəsidir. Haqsız rəqabət sahəsində bizim işlərimiz daha çox olur. Bizə təkcə bu il ərzində kənd təsərrüfatı sahəsində haqsız rəqabət halları ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 60-dan çox şikayət daxil olub və bu istiqamətdə araşdırmalara başlamışıq. Onun böyük bir hissəsi kənd təsərrüfatı istehsalçılarına aiddir”.