
TBİLİSİ, 19 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 213,2 milyon ABŞ dollarına bərabər olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 6% təşkil edib. Azərbaycan ABŞ, Rusiya, Türkiyə, Çin və Böyük Britaniyadan sonra Gürcüstanın VI böyük ticarət tərəfdaşı olub.
Yanvar-fevralda Gürcüstanın Azərbaycana ixracı 97,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,8% azdır. Azərbaycan bu göstərici ilə qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra III yeri tutub.
Gürcüstanın Azərbaycandan idxalı isə ötən ilin eyni dövrünə nisbətdə 5,5% artaraq 115,5 milyon ABŞ dollarına çatıb. Azərbaycan qonşu ölkənin ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Çin və Almaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.
Son iki ayda Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 15,6% artaraq 3,56 milyard ABŞ dolları təşkil edib. Qonşu ölkənin ixracı 4% artaraq 835,4 mln. ABŞ dollarına, idxalı isə 19,6% artaraq 2,73 milyard ABŞ dollarına bərabər olub.