BAKI, 14 mart. TELEQRAF

"Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və hesabına dair aldadılması ilə bağlı 2024-cü il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 40 vətəndaşın müraciətinə baxılıb və 4 sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub".

Teleqraf xəbər verir ki, bu haqda agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı "İstehlakçı hüquqları" mövzusunda keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, 2024-cü il ərzində bu kimi hallarla bağlı ümumilikdə 319 vətəndaş müraciəti daxil olub. Aparılan araşdırmalar nəticəsində istehlakçıların hesabda aldadılması faktı təsdiqlənən 13 sahibkarlıq subyekti barəsində 24 inzibati xəta haqqında protokol tərtib edilib.

Müraciətlərin araşdırılması nəticəsində 2024-cü ildə 189 halda, 2025-ci ilin ilk iki ayında isə 12 halda istehlakçıların tələbləri təmin edilib.