
BAKI, 14 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında təsərrüfat heyvanlarının nəzarətsiz buraxılması səbəbindən dəmir yollarında 7 hadisə baş verib. Qatarlarla heyvanların toqquşması nəticəsində bu nəqliyyat növünün hərəkətinə maneələr yaranıb.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, bu kimi hallar qatarların təcili tormozlama etməsinə, sərnişinlərdə qorxu və stressə, hərəkət qrafikində gecikmələrə, qatarların zədələnməsinə və heyvanların tələf olmasına səbəb olur.
Bundan əlavə, heyvan sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnir.
Qeyd edək ki, ötən il analoji səbəblə 43 toqquşma hadisəsi qeydə alınıb.
Bununla bağlı, ADY dəmir yolu ətrafında yaşayan sakinləri təsərrüfat heyvanlarını nəzarətsiz buraxmamağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.