.jpg)
BAKI, 14 mart. TELEQRAF
BP öz günəş enerjisi üzrə “Lightsource bp” bölməsinin 50 faizini nağd pul və gələcək investisiyalar öhdəliyi qarşılığında strateji tərəfdaşa satmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyinin əldə etdiyi satış sənədində qeyd olunub.
Məlumata görə, təkliflərin təqdim olunma tarixi isə iyun ayına təyin edilib.
Sənəddə BP bu il günəş enerjisi şirkətinin yarısı üçün strateji tərəfdaş axtardığını, nağd pul əməliyyatının gələcək investisiya öhdəliyi ilə müşayiət olunacağını bildirib.
Sənədə əsasən, “Scala Layihəsi” adlandırılan bu təşəbbüs çərçivəsində BP bərpa olunan enerji sahəsində “geniş təcrübəyə malik liderlərlə” strateji tərəfdaşlıq qurmağa çalışır. BP sənəddə qeyd edib ki, yeni yaranan qurumun idarəetməsi aktivlərin birgə nəzarətini əks etdirəcək.
Qeyd edək ki, BP investorların narahatlıqlarını aradan qaldırmaq üçün aktivlərin satışı və tərəfdaşlıqlar qurmağı planlaşdırır. Enerji qrupu xərcləri azaltmaq, investisiyalardan gəlirliliyi yaxşılaşdırmaq, səhmlərin qiymətini və mənfəəti artırmaq istəyir.