BAKI, 14 mart. TELEQRAF

"İnsanlarımızı narahat edən məsələ ərzaq məhsullarının qiymətinin yüksək olmasıdır. Onlar qazanclarının böyük hissəsini ərzaq məhsullarını almağa sərf edirlər. Hesabatda qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsal qiyməti hesabat ilində 4.7 faiz artıb. Amma onların pərakəndə satış nöqtələrində qiymətinin nə qədər qalxması barədə məlumat yoxdur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev hökumətin hesabatı zamanı deyib.

Deputat vurğulayıb ki, hesabatda əks olunmayıb ki, hansı ərzaqlarla yerli istehsal səviyyəsində insanlarımızı təmin edirik: "Hesabatla tanışıqlıq zamanı bəlli olur ki, 2024-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına büdcədən 362.5 milyon manat subsidiya ayrılıb, 50.6 milyon manat güzəştli kreditlər verilib, kənd təsərrüfatı texnikasının ayrılması üçün 80.8 milyon manat, damazlıq heyvan alışı üçün isə 17.4 miyon manat güzəşt vəsaiti ayrılıb. Bu az deyil. Amma qarşılığında müşahidə edirik ki, ərzaq məhsullarının ölkəmizə idxalı artır. Əkin və çoxillik əkmələrin sayı əvvəlki illərlə müqayisədə 6.5 faiz, dənli və dənli paxlalıların əkin sahəsi 7.7 faiz artsa da, bitkiçilik məhsullarının artımı 1.1 faiz, heyvandarlıq məhsulları üzrə isə artım 1.7 faiz olub. Hökumətin bu sahəyə nəzarəti gücləndirməsinə, şəffaflığın artırılmasına bacarıqlı kadrların hazırlanmasına və inkişaf etdirilməsinə ehtiyac var. Təəssüf ki, hesabatda bu və ya digər sahələrlə hökumətin üzləşdiyi problemlər, onların həllinə dair məsələlər əksini tapmayıb".

Deputat, həmçinin Azərbaycan - Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasına görə hökumət üzvlərini və xalqı təbrik edib:

"Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları məlumata görə, iki ölkə arasında sülh sazişinin mətni razılaşdırılıb. Qarşı tərəf ədalətli və beynəlxalq hüquqa əsaslanan təklifləri qəbul edib. Bu, böyük diplomatik qələbə münasibətilə Azərbaycan Prezidentini, hökumət üzvlərini və xalqımızı təbrik edirəm. Görülən işlərə, xüsusən də Qarabağda aparılan bərpa-quruculuq işlərinə görə hökumətə təşəkkür edirəm".

Sonra Qüdrət Həsənquliyev hökumətə sual ünvanlayıb:

"Birincisi, hökumətin təklifi ilə müxtəlif qanunvericilik aktlarına dəyişiklik etdik və bizə verilən məlumata görə, 44 mindən artıq qeydiyyatsız obyektlərin sənədləşdirilməsinə qanunvericilik qaydasında baxılmasını məsələ kimi gördük. Bilmək istərdim ki, neçə belə obyekt rəsmi qaydada qeydə alınıb, hökumət keçən ildə bu işin öhdəsindən necə gəlib. İkinci sual, az qala hər il rəsmilər tərəfindən deyilir ki, qeydiyyatsız yüzminlərlə fərdi yaşayış evləri sənədləşdiriləcək, amma bu, edilmir. Bunun səbəblərini də bilmək maraqlı olar. Üçüncü sualım isə odur ki, hər dəfə yağış yağanda su içində qalan evlər və qazalı vəziyyətdə olan binalar niyə tikinti şirkətlərinə verilmir? Keçən il evlərini su basmış insanlar evlərindən suyun yanğınsöndürən maşınlarla çəkilməsinə görə kömək istəyirdi. Biz onlara necə kömək edək? Hər dəfə deyilir ki, proses başlayacaq, amma başlamır. Baş plan təsdiq olunub, niyə mənzil tikintisi məsələsi yerli dövlət hakimiyyəti orqanlarına verilmir. İstərdim hökumət Milli Məclisə məlumat versin ki, mənzil tikintisi niyə azalıb. Bu sahədə vəziyyəti dəyişmək üçün hansı addımlar atmağı planlaşdırırlar. Bundan başqa, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır. Güclü məhkəmə hakimiyyəti yaratmaqla mülkiyyət toxunulmazlığına təminat verilməlidir".