BAKI, 14 mart. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə qiymət intizamının təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərini gücləndirib.

Teleqraf xəbər verir ki, qurumun istehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlının verdiyi məlumata görə, ticarət və ictimai iaşə obyektlərində malların və xidmətlərin qiymətlərinin düzgün göstərilməməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edilir.

O bildirib ki, 2024-cü il ərzində qiymət intizamının pozulması ilə bağlı 55 müraciət daxil olub. 2025-ci ilin yanvar-fevral aylarında isə 7 vətəndaş müraciət edib.

Araşdırmalar nəticəsində ötən il ərzində məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi ilə bağlı 2, istehlakçılara təqdim olunan menyuların düzgün tərtib olunmaması ilə bağlı isə 3 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Ümumilikdə, 22 halda istehlakçıların tələbləri təmin olunub.

Yusif Tapdıqlı qeyd edib ki, ictimai iaşə sektorunda istehlakçı hüquqlarının qorunması məqsədilə qanunvericiliyin tələbləri göstərilən bildiriş və menyu nümunələri 6422 ictimai iaşə obyektinə (2025-ci ildə 79 obyekt) paylanılıb. Bundan əlavə, Dövlət Vergi Xidməti tərəfindən ictimai iaşə fəaliyyəti ilə məşğul olan 20 542 sahibkarlıq subyektinin elektron kabinetinə maarifləndirici bildirişlər yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, satışda olan malların üzərində qiymətlərin göstərilməsi mütləqdir və qiymətlər yalnız manatla ifadə olunmalıdır. Qiymət intizamının pozulmasına görə 800 manatdan 1650 manatadək cərimələr nəzərdə tutulub.