
BAKI, 11 mart. TELEQRAF
Bakıda İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib.
Teleqraf xəbər verir ki, forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər.
Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq strateji səviyyəyə çatıb. Qeyd olunub ki, İspaniya ilə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 300 milyon dolları ötüb. Bu istiqamətdə daha sıx işbirliyinin qurulması önəm kəsb edir. Hazırda investisiya əməkdaşlığına xüsusi diqqət yetirməklə iqtisadi əlaqələrin şaxələndirilməsi üzərində iş aparılır. Bu baxımdan yaşıl enerji, informasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı, rəqəmsallaşma və nəqliyyat kimi sektorlarda geniş əməkdaşlıq potensialı mövcuddur.
Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrini dərinləşdirir. Bu regionla tərəfdaşlıq investisiya ilə yanaşı, yaşıl enerji və digər sahələri əhatə edir. Bu baxımdan, İspaniya ilə Mərkəzi Asiyada birgə investisiyalar və layihələr üçün böyük potensial var.
İspaniya Krallığının ticarət üzrə dövlət katibi Maria Amparo Lopez Senovilla iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı, birgə layihələrin reallaşdırılması imkanları haqqında fikirlərini bölüşüb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və İspaniya Ticarət Palatasının baş icraçı direktoru İnmakulada Riera iki ölkənin biznes imkanları, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıblar.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İspaniya İşəgötürənlər Konfederasiyasının baş icraçı direktoru Marta Blanko, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniyanın Azərbaycandakı səfiri Kristina Latorre Sanço tərəfdaşlığın inkişafı istiqamətləri barədə çıxış ediblər.
Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub.
Tədbir B2B formatında görüşlərlə davam etdirilib.
Eyni zamanda, bu gün Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.
İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İspaniya Krallığının ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla, aidiyyəti qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələrimiz arasında bərpa olunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun iqtisadi əməkdaşlığın daha da dərinləşməsi baxımından əhəmiyyəti vurğulanıb.
Yekunda tərəflər arasında Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının Protokolu imzalanıb.