BAKI, 11 mart. TELEQRAF

Azərbaycandar kartofun qiymətində əhəmiyyətli artım baş verib. Hazırda kartofun bir kiloqramı 1,50 - 1,70 manat arasında satılır.

Teleqraf xəbər verir ki, kartof Azərbaycanda əhalinin ən çox istehlak etdiyi əsas tələbat məhsullarından biridir. Rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton göstərilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş minimum istehlak səbətinin tərkibinə görə, əmək qabiliyyətli əhalinin illik kartof istehlakı 54,8, pensiyaçıların 40,2, 15 yaşına qədər uşaqların isə 42 kilodur. Bu minimum hesablamadır. Bütövlükdə Azərbaycan xalqının mətbəxində kartofun mühüm payı var. Bu səbədən kartofun bahalaşması hər bir orta statistik vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərir.

İdxal 14 faizə yaxın azalıb

Azərbaycan hazırda bu məhsula olan tələbatını həm yerli, həm də idxal hesabına təmin edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana xarici ölkələrdən 42651,4 ABŞ dolları dəyərində 149 min 206,0 ton kartof idxal edilib. Bu da kartofun orta gömrük dəyərinin təxminən 285,85 ABŞ dolları/ton (0.29 ABŞ dolları/kq – 0.49 manat) olması deməkdir. Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ən çox kartof İrandan (66 min ton), Gürcüstandan (24 min ton) və Türkiyədən (10 min ton) idxal olunub. Yeri gəlmişkən, kartof idxalı 2023-cü illə müqayisədə 13,6 faiz azalıb.

Əkin sahələri azalıb, istehsal aşağı düşüb

Kənd təsərrüfatı statistikası ildən-ilə kartof istehsalının, əkin sahələrinin azaldığını göstərir. 2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 min 748,6 hektar təşkil edib. Bu göstərici 2023-cü ildə 49 min 460.5, 2022-ci ildə isə 54 min 775.7 hektar olub. Ötən il ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixanada 151,3 ton kartof istehsal olunub. Kartof istehsalı 2024-cü ildə 2023-cü illə müqayisədə 8,2 faiz azalıb.

İl üzrə ən çox kartof Qazax-Tovuz iqtisadi bölgəsində istehsal edilib. Belə ki, bu rayonlar üzrə 525 min 736,4 ton kartof istehsal olunub. Məhsuldarlıq 238,7 sent/ha təşkil edib. 2023-cü illə müqayisədə bu bölgədə kartof istehsalı artıb. 2024-cü ildə Bakı, Naxçıvan şəhərləri, Dağlıq Şirvan, Gəncə, Daşkəsən, Qarabağ, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonlarında kartof istehsalı azalıb.

Belə ki, 2024-cü ildə Naxçıvanda istehsal göstəricisi 23 min 321 ton, Dağlıq Şirvan iqtisadi rayonunda 15 min 126,4 ton, Gəncə-Daşkəsəndə 12 min 40,2 ton, Şərqi Zəngəzurda 622 ton, Şəki-Zaqatalada 52 min 955,1, Şirvan-Salyanda 9 685 ton, Lənkəran-Astarada 154 min 400,1 ton olub. Mərkəzi Aranda 27 min 107,9 ton, Quba-Xaçmazda 50 min 638,8 ton kartof istehsalı qeydə alınıb.

Mil-Muğan iqtisadi rayonunda 42 min 653,9 ton, Qarabağ iqtisadi rayonunda 17 min 777 ton kartof istehsal edilib. Şərqi-Zəngəzur iqtisadi rayonunda istehsal edilən 622 ton kartofun 589 tonu Cəbrayılın, 52 tonu Zəngilanın payına düşüb.

Qeyd edək ki, ötən il Azərbaycanda, ümumilikdə, 927 min 381,7 ton kartof istehsal edilib. Hər hektar sahədən 193,3 sentiner məhsul götürülüb. 2023-cü illə müqayisədə istehsalda 83 min 136 ton azalma qeydə alınıb.

Hazırda bazarda tələbat idxal hesabına ödənilir

Təxminin hesablamalara əsasən, bir hektar suvarılan sahədə kartof yetışdirilməsinə 3162,0 manat xərc çəkilərsə, bir sentner isrehsal edilmiş kartof məhsulunun maya dəyəri təqribən 31,62 manat təşkil edəcək. Bir hektar dəmyə torpaqda kartof məhsulu yetişdirmək üçün faktiki olaraq 3123,0 manat xərc çəkilirsə, bir sentner kartofun maya dəyəri 31,23 manata başa gəlir. Nəzərə çatdıraq ki, iqlim şəraitindən, coğrafi amillərdən asılı olaraq Azərbaycanda kartof əkini prosesi fevral ayından başlayır və müxtəlif rayonlarda aprelin sonuna qədər davam edir. Ekspertlər bildirir ki, Azərbaycanın kartof ehtiyatı noyabrda qurtarır və ölkəmiz bu məhsulu aprel ayına qədər Rusiya, İran, Türkiyədən idxal edir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Teleqraf-a açıqlamasında qeyd etdi ki, 2005-ci ildən bəri Dövlət Statistika Komitəsinin məlumatına əsasən aparılan hesablamalar, müşahidələr və araşdırmalar göstərir ki, kartofun əkin sahəsi getdikcə azalır.

“Azərbaycanda kartofun satış qiymətinin yüksək olmasına baxmayaraq, bu fermerlər üçün gəlirli sahə hesab edilmir. Bu, ilk növbədə, məhsuldarlığın az olması ilə bağlıdır. Məhsuldarlıq az olduqda satışdan gələn gəlir fermerləri qane etmir. Buna görə də, məhsuldarlığı artırmaq lazımdır. Məhsuldarlığın artırılması üçün isə bir neçə şərt var. Bunun üçün suvarma suyuna olan tələbat ödənilməlidir. Ən əsası isə, fermerlər səpin zamanı toxumluq materialdan istifadə etməlidirlər. Təəssüflər olsun ki, bizim fermerlər məcburiyyət qarşısında qalaraq Rusiyadan gətirdikləri kartof yumrularından istifadə edirlər. Bunlar ərzaqlıq məsuldur, toxumluq deyil. Bu da məhsuldarlığa təsir edən amildir.”

Mütəxəssis bildirdi ki, kartofun istehsalı zamanı aqrotexniki qaydalara əməl etmək vacib şərtdir:

“Burada su, keyfiyyətli gübrə və pestisid problemi var. Xəstəliklər və zərərvericilər geniş yayılıb. Eyni zamanda, kartofun saxlanması üçün kifayət qədər anbarlar yoxdur. Buna görə də, Azərbaycan özünün kartofa olan tələbatını ödəyə bilmir”.

İdxalın azalması kartofu bahalaşdırıb

Vahid Məhərrəmov ölkədə bu tərəvəzə olan tələbat həcmini təxmini rəqəmlərlə təqdim etdi:

“Hazırda ölkədə təxminən 45-50 min hektarda əkin aparılıb. Bunun üçün bizə 150 min ton toxumluq kartof lazımdır. Dünya Səhiyyə Təskilatının müəyyən etdiyi normaya uyğun olaraq, Azərbaycan adam başına 117 kiloqram kartof istehsal etməlidir. Bu təxminən 1 milyon 300 min tona yaxın məhsul deməkdir. Ümumilikdə isə Azərbaycan öz tələbatını ödəmək üçün 1 milyon 500 min ton kartof istehsal etməlidir. Hazırda istehsalımız təxminən 927 min tondur. Burada 600 min tona yaxın kəsir var. Bunun müəyyən hissəsi idxal hesabına ödənilir. İdxal da azaldıqda bazarda defisit yaranır. Nəticədə kartofun qiyməti artır”.

Kənd təsərrüfatı üzrə mütəxəssis təklifin artırılması üçün sahədə mövcud olan problemlərin həllində ciddi addımlar atılmalı olduğunu bildirir.

“İlk növbədə toxum istehsalı, daha sonra suvarma suyuna olan tələbatın ödənməsi, keyfiyyətli gübrə və pestisidlərlə təminat problemləri həll olunmalıdır. Onların ölkəyə gətirilməsi və satışı ilə sahibkarlar məşğul olmalı, fermerlərin bu məhsullara əlçatanlığı təmin edilməlidir".

Qeyd edək ki, Azərbaycana kartof 1829-1833-cü illərdə rus ordusu və Rusiyadan sürgün olunmuş malakanlar tərəfindən gətirilib. Sovet İttifaqı illərində ən çox kartof əkini 1990-cı ildə - 23,8 min hektar sahədə aparılıb və 185,2 min ton məhsul istehsal olunub. Müstəqillik əldə olunandan sonra respublikada 1996-cı ilədək kartofun əkin sahəsi və istehsalı azalıb. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılıb və 1037,3 ton məhsul istehsal edilib.