BAKI, 11 mart. TELEQRAF

2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112.754 şəxs qəbul edilib, onlara 178.542 sayda xidmət göstərilib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, göstərilinə xidmətlərin 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.

Ümumilikdə, 2025-ci ilin yanvar-fevral aylarında göstərilən 9 əsas xidmət dövr ərzində verilən ümumi xidmətlərin 90,9 faizini təşkil edib.

Bu xidmətlər arasında bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası), sadələşdirilmiş vergi üzrə sabit məbləğin; məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin erilməsi; Asan İmza sertifikatlarının verilməsi; Fiziki şəxsin uçotdan çıxarılması; Vergi ödəyicisinə arayışların verilməsi; Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması). vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması və bərpası, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi, vergi ödəyicisinə arayışların verilməsi və Asan İmza sertifikatlarının verilməsi kimi mühüm xidmətlər yer alıb.

Eyni zamanda, dövr ərzində vergi ödəyicilərindən daxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli bildirişlər göndərilib. Dövr ərzində 892 vergi ödəyicisinin iştirakı ilə 67 görüş keçirilib və 886 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Preventiv məlumatlandırma məqsədilə vergi ödəyicilərinin mobil nömrələrinə 414 mindən çox SMS göndərilib. Yanvar-fevral aylarında həmçinin 58.238 müraciət əsasında 85.730 Asan İmza sertifikatı verilib.