BAKI, 11mart .TELEQRAF

Yanvar-fevral aylarında Rusiyanın dövlət büdcəsində neft və qaz gəlirləri 3,7% azalaraq 1,56 trilyon rubl təşkil edib.

Teleqraf bu ölkənin Maliyyə Nazirliyinin saytında açıqlanan məlumatlara əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında federal büdcə gəlirlərinin həcmi 5,344 milyard rubl təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövründəki daxilolmalarının həcmindən 6,3% çoxdur.

Maliyyə Nazirliyinin hesabatında qeyd edilib ki, əlverişli qiymət şəraiti dövründə əlavə neft və qaz gəlirlərinin toplanması, Milli Rifah Fondundan transferlər hesabına daxilolmalarda baş verən dalğalanmalara qarşı büdcə dayanıqlığını təmin edib.

Büdcənin qeyri-neft və qaz gəlirləri isə 3 784 milyard rubl (illik 11,1% artım) təşkil edərək proqnozdan yüksək olub.

Ümumilikdə, 2025-ci ilin yanvar-fevral ayları üzrə Rusiyanın büdcə kəsiri 2,7 trilyon rubl təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 trilyon rubl azdır.